Xəbərlər

Miqrasiya məsələlərində Almaniya Federativ Respublikasında olan Azərbaycan cəmiyyətləri tərəfindən həmvətənlərimizə hüquqi xidmətlərin göstərilməsi

Vəkilsiz hüquqi xidmətlər

Bu məqaləni yazmaqda məqsədim Almaniyada fəaliyyət göstərən Azərbaycan təşkilatlarını tənqid etmək deyil, sadəcə səhv və ya qanunsuz hüquqi məsləhətə görə yaranan hüquqi məsuliyyətə diqqəti yönəltməkdir. 

Sığınacaq məqsədi ilə Almaniyaya gəlmiş həmyerlilərimizə bəzi təşkilatlar səhv hüquqi məsləhət verməklə onların icraat işlərinə vaxtından əvvəl xitam verılməsinə və ölkədən deport edilməsınə səbəb olurlar. Artıq 2 həftədə 3-4 ailənin işində belə bir fakta rastlaşmağım məni bu məqaləni yazmağa vadar etdı. Xüsusən sığınacaq məsələlərində qanunla nəzərdə tutulmuş qısa vaxtlar həlledicı önəm daşıyır. Hər verilmış yanlış məsləhət ərizəçiyə vəkil köməyini çətinləşdirir və ya mümkünsüz edir.

Əminəm ki, Almaniyada fəaliyyət göstərən Azərbaycan təşkilatları həmverlilərimizə kömək məqsədi ilə bu addımı atırlar, amma hüquqi məsləhət göstərən hər kəsə aydın olmalıdır kı, bu hallarda hüquqi məsuliyyət qaçılmazdır. 

Bu məqamda hansı təşkilatların və vəkil olmayan şəxslərin hüquqi xidmət göstərmək ixtiyarı qanunla müəyyən olunmuşdur. Məhkəməyə qədər hüquqi xidmət haqqında Almaniya Federativ Respublikasının qanununda hüquqi xidmət anlayışı açıqlanmışdır. Qanunun 2-cı maddəsinin birinci bəndinə görə hüquqi xidmət hər fərdi məsələnin hüquqi yoxlanılmasına ehtiyac duyulan, digər şəxslərin işləri sahəsində olan bütün fəalıyyətə aiddir.

Əgər təşkilatlar və şəxslər ərizələrin məhkəməyə verilməsi sahəsində məsləhət verirlərsə, demək onlar hüquqi xidmət göstərır və bu halda adı çəkilən qanunun tətbiqi sahəsinə düşür.

Pulsuz hüquqi xidmətlərin göstərilməsi

Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən pulsuz hüquqi xidmətlərin göstərilməsi mümkündür. Ailə, qonşuluq və ya oxşar yaxın şəxsi münasibətlər xaricində pulsuz hüquqi xidmət göstərən hər kəs, bunu hüquqi xidmət göstərmək səlahiyyətinə malik olan şəxslərin (hakim kimi xidmət etmək bacarıqlı şəxslər, əsasən vəkil) nəzarəti altında göstərməlidir.

Bundan başqa müxtəlif şəxslər və şəxslər qrupu, müəyyən şərtlər altında öz vəzifə və məsuliyyətləri çərçivəsində hüquqi məsləhət verə bilərlər. Məsələn, xüsusi biliklərinə görə qanunla nəzərdə tutulmuş dövlət qeydiyyatına düşməklə mümkündür (http://www.rechtsdienstleistungsregister.de/). Yalnız buna xaricilərin hüquqları üzrə hüquqi məsləhət daxil deyil.

Yanlış hüquqi xidmət üçün məsuliyyət

Məhkəməyə qədər hüquqi xidmət haqqında Qanun pozuntuları inzibati xəta təşkil edir və buna görə 50 min avroya qədər cərimə tətbiq edilməsi nəzərdə tutulub (Maddə 20). Qanunsuz pulsuz xidmətlərin göstərilməsi qadağan oluna bilər. Bu qadağaya riayət edilməməsi inzibati xəta təşkil edir.

Bundan başqa qanunsuz hüquqi məsləhət göstərən şəxslərin müştəriyə dəyən zərərin ödənilməsinə görə mülki məsuliyyəti məhkəmə tərəfindən müəyyən oluna bilər.

Nəticə

Almaniya Federativ Respublikasında sığınacaq haqqında ərizə verənlərə Miqrasiya və Qaçqınlar üzrə Federal İdarədən imtina cavabı gələnə qədər normalda vəkil dəstəyinə ehtiyac olmur. Buna görə həmvətənlərimizə düzgün yol göstərilməsi tədqirə layiqdir. Amma bunu təşkilatlar və şəxslər qanun və bilikləri çərçivəsində etməlidirlər. Ümid edirəm ki, qeyri qanuni fəaliyyətlə məşğul olan şəxslər həmyerlilərimizə dəyən mənəvi və maddi zərəri nəzərə alıb qanunsuz və səhv məsləhət verməkdən əl çəkəcəklər. Bu emosional vəziyyətdə onlara dəstək olmaq əvəzinə onlara ziyan vermək heç bir kəsə üstünlük gətirməyəcəkdir.

Müəllif: Vəkil (Rechtsanwalt) Həbib Məmmədli